Elşad Abdullayevin vəkili danışdı

13 Oktyabr 2012 06:35 (UTC+04:00)


Fəaliyyətinə xitam verilmiş Azərbaycan Beynəlxalq Universitetinin keçmiş rektoru, hazırda Fransada mühacirətdə yaşayan Elşad Abdullayev ölkənin müxalifət partiyalarının birinə üzv olmaq üçün danışıqlar aparır.

Bu barədə Modern.az-a məlumat verən mənbə bildirib ki, eks-rektor özü ilə bağlı Azərbaycanı silkələyən qalmaqalın siyasi təsirlərinin qarşısını almaq üçün bu planı gerçəkləşdirmək istəyir. Məlumata görə, E.Abdullayev ABŞ-da yaşayan eks-spiker Rəsul Quliyevin lider olduğu Açıq Cəmiyyət Partiyasına daxil olmaq barədə ilkin məsləhətləşmələr aparıb. Mənbə hesab edir ki, E.Abdullayevin yeni siyasi "siması" daha çox Avropanın beynəlxalq dairələrinin diqqətini cəlb etməyə hesablanıb.

Yayılan informasiyaya münasibət bildirən Elşad Abdullayevin vəkili Adil İsmayılov AzNews.az-a bunu deyib: "E.Abdullayev siyasətlə məşğul deyil".A.İsmayılov "Elşad Abdullayev Yeni Azərbaycan Partiyasının (YAP) üzvlüyündən çıxarılıbmı?" sualına isə cavab verməyib.

İlkin Pirəli
AzNews.az