Yanan evin sönməyən fotoları – Faciə yerindən reportaj

25 May 2015 12:14 (UTC+04:00)
1990-cı il qanlı yanvar, 1991-ci il Qarakənd faciəsi, 1992- il Şuşanın işğalı, sonrakı və əvvəli işğallar, metro və avtobus partlayışları, Neft Akademiyasındakı qətliam, ötən ilin yanvarında 2 dostun avtomobildə uçan binanın altında qalması və ən nəhayət, Binəqədi yanğını...

Əslində, o faciələrin elə hamısı bizi yandırıb. Eynilə 1920-ci illərdə Zəngəzurun, Göyçənin, Qaraqoyunlunun rəsmi Moskva tərəfindən Ermənistana verilməsi də...

Düzdür, o vaxtlar bu fakta qarşı hətta ən adi vətəndaş belə etiraz səsini ucalda bilməzdi, çünki düşünüb ki, eyni dövlətdə yaşayırıq, ərazinin kimin tabeçiliyində olmasının elə də önəmi yoxdur.

Təki o vaxtlar səsimiz çıxaydı. İndi isə müstəqilik, səsimiz çıxır. Binəqədi olayı haqda hamı danışır, müzakirə edir, günahkarlar həbs edilir, prezident məmurlara təpinir, günahkarların hamısının cəzalanacağı anonsunu verir.

Biz jurnalistlər də öhdəmizə düşəni edirik. Yazırıq və ölkədə olan çox əyər-əskikləri göstəririk. Məqsədimiz heç də kimisə aşağılamaq deyil, o kimləri düz yola qaytarmaq, vətən və xalq üçün insafla işləməyə məcbur etməkdir.

Binəqədi faciəsinin yeri heç də uzaqda deyil, metronun "Azadlıq prospekti" stansiyasının 50 metrliyindədir. Çıxışda binanın yerini soruşmağın elə də önəmi yoxdur. Çünki hamı ora axışır və sən də bu axına qoşulub ora gedirsən. 16 mərtəbəli bina uzaqdan başı qaysaqlanmış ağaca bənzəyir. Ağaclar adətən aşağıdan yanır və elə qaralığı da aşağıdan yuxarıya doğru adamın gözünə girir. Bu binanın da əslində, yanan tərəfi elə olub. Aşağıdan yuxarıya doğru qarala-qarala gedib. Arxa tərəfində isə yalnız yuxarı mərtəbələrdə yanğın olub. Ondan aşağıda yaşayanların sanki bəxti gətirib. Bəxti gətiribmi? Əslində, bu sualın cavabı birmənalı şəkildə "yox"dur. Hələlik, o binada daha çox hansı mərtəbədə yaşayanların yanması və tüstüdən boğulması təsdiqlənməyib. Deyirlər, araşdırma gedir. Hər şey deyiləcək. Binanın arxasında isə insanın deyiləsi sözü yoxdur, çünki burda heç kəs heç nə demir. Hamı susur. Kimisi yaxınlaşıb gül dəstəsi qoyur, kimisi şam yandırır, kimisi göz yaşlarını silir. Bir az kənarda isə olay haqda danışırlar...



Orda ölənlərin çoxunun şəkili yapışdırılıb. Ancaq hamının tanıdığı daha çox Fərəhdir. 3 yaşlı Fərəh.



Əslində, heç 3 yaşı da tamam olmamışdı. Ağacların birində onun tortla birgə şəkili yapışdırılıb, birində isə sadəcə şəkli. Qıvrım saçı boynuna tökülüb. İndi o saçlar Xaçmazda torpağın altındadır. Bunu düşünəndə adam dəli olmaq həddinə çatır. Gözümdən bir damcı yaş kipriyimə doğru gəlir, ancaq orda ilişib qalır, yerə düşmür. Yerə düşənlər ayaq izlərimizdir. Orda hamı bir-birinin ayaq izlərini tapdalayır.

Tovuz Dadaşova adlı bir nəfər Fərəh haqda şeir yazıb və o şeiri kağıza köçürərək ağaca yapışdırıb.



"Bir səhər yuxudan ayılan zaman
Gözünü alova açdı Fərəhim
Ananın o isti qoynundan çıxan
Gözünü əbədi yumdu Fərəhim.

Kim qıydı günahsız bu körpələrə
Nə böyük dərd kədər verdi bizlərə
Ay ana, ay ata, gəl döz, bu dərdə
Torpağın altına getdi Fərəhim.

Gözündə bir ümid, bir çiçəkdi o
Təzəcə açılmış bir ləçəkdi o
Günahsız tər-təmiz bir mələkdi o
Bir yanğına qurban getdi Fərəhim.

Fəryadı, ahları göylərə çıxdı
Səsinə heç kimsə gəlib çatmadı
Bu günün qurbanı körpələr oldu
Yetmədi dadına heç kim Fərəhim".




Daha bir yazı diqqətimi cəlb edir: "Bu gecə təkmi yatacam ana? Axı hələ böyüməmişdim". Bu sözlərin konkret olaraq kimin üçün yazıldığını bilmirəm. Ancaq nə faydası. Əsas odur ki, yazılıb. Görəsən, bu fikri səsləndirən körpənin anası doğrudan gecələr yatırmı?



Orda iri hərflərlə yazılan "Biz də yaşamaq istəyirdik!" sözləri lap uzaqdan oxunur. Yaşamağı kim istəmir ki, İlahi!!!. Ancaq o yaşamağı insanların əlindən alan insanlar var. Və onlar burdan sakitcə keçib evlərinə gedirlər və öz körpələrini qucaqlarına alıb yatırlar. Düzdür, onlardan bəzilərinin yatdıqları yer həbsxana kamerasıdır. Ordan isə heç yer görsənmir. Hətta, üstü qaysaqlanmış bu bina da...



Bu binada hazırda təmir gedir. Elə orda ən çox fəhlələrin səsi gəlir. Səsi gəlməyən ziyarət yerinə toplaşanlardır. Və ordan sakitcə metroya tərəf gedənlər...



2 yaşlı Ayxan haqda yazılan yazını da çoxları oxuyur: "Ayxanım, mələk üzlüm, balacam...". Şəkillər arasında Ayxanın fotosunu tapmadım, bəlkə də onun şəkli ağaca yapışdırılmışdı, utandığımdan heç kəsdən soruşmadım. İndi onların ölümlərinə görə hamı utanır. Onları qoruya bilərdikmi? Əlbəttə, bəli. Hər kəs bu ölkədə öz funksiyasının öhdəsindən layiqincə gəlsə, belə ucuz ölümlər də bizim qənşərimizə çıxmaz.



"Axı niyə biz?". Bu sualının cavabını da heç kəs verməyəcək. Şəkillərin birində balaca qız barmağını yuxarı qaldırır. Yuxarıda isə fəhlələrin səsi aləmə yayılıb. Deyilənə görə, yanğını fəhlələr törədib. Bu haqda ora toplaşanlardan biri dedi. Onun iddiasına görə, binanı təmir edən fəhlələrin əksəriyyəti maaşlarını ala bilməyiblər. Elə bu səbəbdən də şirkət rəhbərindən acıq çıxmaq üçün bu addımı atıblar. Düzdür, bu sadəcə kiminsə dediyi fərziyyələrdir. Doğruluğunu sübut edən heç nə yoxdur. Ərazidə aparılan tikintiyə nəzarət edən qoltuğu kağızlı bir kişi isə yanğının orda birinci mərtəbənin damındakı zibildən qaynaqlandığını deyir: "Bir nəfər "zibil yanır" deyə qışqırıb. Heç kəs bir vedrə su götürüb ora tökməyib".

Orda toplaşan qadınlardan biri isə yanğının gec söndürülməsindən narazılıq edir: "Yanğın başlayan kimi bura gəlmişdim. Yanğınsöndürənlər gec gəldilər. Gələndə isə binaya yaxınlaşa bilmədilər. Bir yandan onlarda günah da yox idi. Binanın hər tərəfi üzük kimi əhatələnib".

Ağacda ölən daha bir oğlanın şəkli var. O barmaqlarıyla "viktoriya" işarəsini göstərir. Görəsən, o, bu işarəni bu günü üçün göstərib, yoxsa həyatda hansısa qələbə çaldığına işarə vurub.



Yanan binada olduğu kimi əraziyə yaxın olan binaların da üzlüyü sökülür. Bunu seyr etmək üçün yerüstü keçidə çıxmaq kifayətdir. Ordan hər şey aydın görsənir. Elə "Azadlıq prospekti" də. Azadlığımız isə bu küçədən başlamayıb. Bu küçənin adı qoyulan "Azadlıq meydanı"ndan başlayıb. Bu yol isə gedib orda qurtarır.



Bizim yolumuz isə geri metroya sarıdır. Metroda isə sifət cizgiləri Fərəhə oxşayan, hətta saçı da qıvrım olan 15-16 yaşlı bir qızı gördüm. Əlində böyük kukla var idi. Sevindiyindən onun qucaqlayıb gülürdü. Yanında oturan rəfiqəsilə nəyisə müzakirə edirdi...

Fərəhin isə o dünyada nə kuklası, nə də rəfiqəsi var. Sakitcə uzanıb... Gözü qapalıdır, heç yeri görmür. Metrodakı qızdan da onun heç vaxt xəbəri olmayacaq.

"Elmlər Akademiyası" metrosundan bayıra çıxanda ötən il yanvarın 25-də baş verən bir faciə də göz önümə gəldi. Onda da tanımadığım iki dostun ölümü haqda da yazı yazmışdım. Elə indi də haqqında yazdıqlarımın heç birini tanımırdım. İndisə tanıyıram. Onları bütün Azərbaycan tanıyır. Hətta, onların ölümünə bais olan məmurlar da onları yaxşı tanıyır:
Məhərrəmova Fərəh Elnur qızı (3 yaş), Bağırov Sahib Rəhim oğlu (49 yaş), Bağırova Firəngiz Rəhim qızı (60 yaş), Nəcəfzadə Yaşar Fazil oğlu (27 yaş), Şirinova Zülfiyyə Yavər qızı (43 yaş), Eyvazov Davud Hamir oğlu (16 yaş), Eyvazova Ülkər Hamir qızı (21 yaş), Cavadov Ömər Vüqar oğlu (yaş yarımlıq), Kərimova Nazilə Malik qızı (39 yaş), Kərimova Ayan Anar qızı (5 yaş), Hüseynov Ayxan Şahin oğlu (2 yaş), Həsənova Alla Antonovna (58 yaş), Utuyevsil Yuri Vladimiroviç (67 yaş), Boykova Lyubov Viktorovna (87 yaş), Yəhyayeva Elmira Əliağa qızı (68 yaş).

Hadisə nəticəsində ölənlərdən ən yaşlısının 87, ən cavanı isə yaş yarımlıq körpə olub.

Ölənlərdən Bağırova Firəngiz Rəhim qızı ilə Bağırov Sahib Rəhim oğlu qardaş-bacıdırlar. Eyvazov Davud Hamir oğlu ilə Eyvazova Ülkər Hamir qızı isə Şirinova Zülfiyyə Yavər qızının övladlarıdır.

Babək Göyüş