Elmar Məmmədyarov Lavrovla Qarabağdan danışdı - Moskvada

25 May 2015 14:51 (UTC+04:00)

AzNews.az Trend-ə istinadən xəbər verir ki, görüşdə iki ölkə arasında yüksək səviyyədə fəal dialoqun olduğu vurğulanıb, bunun ikitərəfli əməkdaşlığın istisnasız bütün məsələlərini həll etməyə imkan verdiyi bildirilib.

S.Lavrov görüşdə deyib: "Sizi Moskvada salamlamağa şadıq. Bakıda insanların ölümü ilə nəticələnniş yanğınla əlaqədar başsağlığı vermək istərdim. Sizin rəsmi səfəriniz çərçivəsində danışıqların keçirilməsi imkanına dəyər veririk. Rəhbərlərimiz tərəfindən qoyulan dəqiq məqsədlərimiz var. Rusiya və Azərbaycan prezidentləri mütəmadi görüşürlər, onlar arasında konstruktiv dialoq var ki, bu da istisnasız bütün məsələləri həll etmək üçün şərait yaratmağa imkan verir".

E.Məmmədyarov da öz növbəsində bildirib ki, danışıqlar zamanı ikitərfli əməkdaşlığın bütün aspektlərini müzakirə etmək niyyətindədir: "Ümid edirəm ki, rəhbərlərimizin tapşırıqlarını yerinə yetirməkdə irəliyə hərəkət edə biləcəyik. Rəhbərlərimzin verdiyi tapşırıqlar ölkələrimiz arasında əlaqələrin yüksək səviyyədə olmasını təsdiq edir".

Azərbaycan XİN rəhbəri xatırladıb ki, Rusiya Prezidenti Vladimir Putinin iyunun 12-də Bakıda I Avropa Oyunlarının açılışında iştirak edəcəyi gözlənilir: "Səfər zamanı aktual olan gündəmin konkret məsələlərini müzakirə etmək planlaşdırılır. Əlaqələrimiz yüksək səviyyədədir və səmərəli inkişaf edir, əmtəə dövriyyəsi artır, beynəlxalq təşkilatlarda əməkdaşlıq həyata keçirilir".

Görüşdən sonra diplomatlar mətbuat konfransı keçirib.

E.Məmmədyarov bildirib ki, Dağlıq Qarabağ probleminin artıq yetişib və onu həll etmək lazımdır.

Onun sözlərinə görə, iki gün ərzində bu problemlə bağlı əhəmiyyətli müzakirələr aparılıb: "Bu məsələ ilə bağlı həmkarımın nitqində səslənən optimizm notlarını mən də bölüşürəm. Bu münaqişənin irəliləməsi üçün bütün imkanları detallı nəzərdən keçirmişik".

S.Lavrov isə qeyd edib ki, münaqişənin çox uzanmasını heç kim inkar etmir və hamı razıdır ki, razılıq əldə etmək üçün real baza var, məsələ yalnız bu anlayışı saziş dilinə köçürməkdir: "Dünən Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı yanaşmaları bir neçə saat müzakirə etmişik. Tərəflərin bütün işləri hazırdır, həmsədrlər tərəflərin təkliflərini nəzərə alıb və mən danışıqlar prosesinə artan optimizmlə baxıram. Rusiya Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına yardım etməyə davam edəcək".

Onun sözlərinə görə, Dağlıq Qarabağ münaqişəsi üzrə danışıqlara yardım etmək Rusiyanın xarici siyasətinin prioritet məsələlərindən biridir: "Rusiya Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına yardım etməyə davam edəcək. Moskva həm ikitərəfli kanallar, həm də Rusiyanın həmsədr olduğu ATƏT-in Minsk Qrupu vasitəsilə münaqişə üzrə qarşılıqlı məqbul razılaşmaların axtarışına köməyi fəal davam etdirəcək".

Azərbaycan və Rusiyanın xarici işlər nazirləri Elmar Məmmədyarov və Sergey Lavrov Moskvada 2015-2016-cı il üçün iki ölkənin Xarici İşlər Nazirlikləri arasında məsləhətləşmələr planını imzalayıblar.