ARDNŞ “Yeni Müsavat”ı məhkəməyə verir
25 May 2015 17:33 (UTC+04:00)
AzNews.az xəbər verir ki, bu haqda Modern.az saytına ARDNŞ-in Nəqliyyat İdarəsinin hüquq şöbəsinin rəisi Emin Hüseynov məlumat verib.
O, "Yeni Müsavat" qəzeti ilə məhkəmədə görüşəcəklərini bəyan edib:
"Biz mətbuat azadlığının tərəfdarıyıq. Amma yoxlanılmamış yazının verilməsi mətbuat azadlığı deyil, anarxiyadır. Səhv məlumatı verdiyinə görə "Yeni Müsavat" qəzetini məhkəməyə veririk".
"Yeni Müsavat" qəzetinin baş redaktor müavini Azər Ayxan saytımıza açıqlamasında deyib ki, məhkəməyə müraciət etmək hər bir vətəndaşın hüququdur:
"Biz heç kimə deyə bilmərik ki, bizi məhkəməyə verməyin. Buyursunlar, məhkəməyə versinlər. Nəzərə alın ki, xəbəri qəzetimizə verən mənbə anonim deyil. Şəxs məktubu adı, soyadı, imzası, möhürü ilə redaksiyamıza təqdim edib, biz də çap etmişik".
O, dövlət qurumlarından açıqlama almağın çətinliyini də vurğulayıb:
"Acı gerçəklikdir ki, rəsmi qurumlardan, xüsusilə də qurumların ikinci, üçüncü, yaxud neçənci şəxslərindən açıqlama almaq mümkün deyil. Bundan əlavə, bazar günü olduğundan qarşı tərəfin mövqeyi öyrənilməyib. "Yeni Müsavat" qəzetinin məhkəməyə verilmək kimi qorxusu yoxdur. Məhkəməyə verəcəklər, biz də paralel olaraq xəbərin doğru olub-olmadığı barədə araşdırma aparacağıq. Araşdıracağıq ki, Zülfüqarovla bağlı daha nələr var... Müdafiə olunmaq üçün əlimizdən gələni edəcəyik, görək nəticə kimin xeyrinə olacaq".
"İnamla Hüquq" MMC-nin direktoru, hüquq müdafiəçisi Bəxtiyar Məmmədov "Yeni Müsavat"ın redaksiyasına ARDNŞ-in Nəqliyyat İdarəsinin rəisi Elçin Zülfüqarovla bağlı material yollayıb. Hüquq müdafiəçisinin məktubunda Zülfüqarov haqda kifayət qədər ağır iddialar, ittihamlar, İŞİD-ə yardım etdiyi barədə informasiyalar yer alıb.