Azərbaycanlı milyarderlərin varisləri haqda - Arayış

26 May 2015 17:48 (UTC+04:00)

AzNews.az xəbər verir ki, "Forbes" jurnalının hazırladığı yazıda əslən Azərbaycandan olan iş adamlarının övladları barədə də məlumatlar yerləşdirilib. Onlar arasında Vahid Ələkbərovun və Araz Ağalarovun da varisləri var.

Milyarderlərin övladlarının iş yerləri barədə qısa məlumatı təqdim edirik:


Yusif Ələkbərov – "Lukoyl"ın prezidenti Vahid Ələkbərovun oğlu



Vahid Ələkbərovun yeganə oğlu Yusifi jurnalistlərdən gizlədirlər. Media mənsubları onu son dəfə 2014-cü ilin oktyabr ayında görüblər. Yusifin "Lukoyl"dakı vəzifəsi barədə də məlumat verilmir. Lakin onun İnstagram səhifəsində yazdığı qeyd Yusif Ələkbərovun işi barədə gizli məlumat ötürüb. O, "Almazların necə çıxarılmasını öyrənməyə qərar verdim" qeydi ilə "Lukoyl"un almazların çıxarılması ilə məşğul olan şirkətinə rəhbərlik edəcəyi mesajını verib.

Qeyd edək ki, Vahid Ələkbərov 12,2 milyard sərvəti ilə Rusiyanın ən zəngin biznesmenləri siyahısına düşüb.


Emin Ağalarov – "Crocus Group"un rəhbəri Araz Ağalarovun oğlu



Eminin 4 yaşı olanda ailəsi Bakıdan Moskvaya köçüb. Məktəbi İsveçrədə bitirib, ABŞ Universitetlərindən birində təhsil alıb. Tələbə olduğu vaxtlarda eBay-da aylıq gəliri 30 000 dollar olan satışla məşğul olub. Eyni zamanda atası onu "Crocus Group"da işləməyə çağırıb və Emin 21 yaşında şirkətin kommersiya direktoru vəzifəsində işə başlayıb. Hazırda həmin şirkətin birinci vitse-prezidentidir.

Qeyd edək ki, Araz Ağalarov 1,9 milyard dollarla Rusiyanın ən varlı biznesmenləri siyahısında 46-cı yerdə qərarlaşıb.


Ələkbər İsmayılov – "AST" şirkətlər qrupunun prezidenti Telman İsmayılovun oğlu



2009-cu ildə Ələkbər İsmayılov və qardaşı Sərxan haqda informasiyalar qəzetlərin manşetlərinə çevrilmişdi. Onlar dostları ilə birlikdə İsveçrə yollarında təşkil etdikləri avtomobil yarışları ilə gündəmə gəlmişdilər. Belə ki, yarışlar zamanı 70 yaşlı Almaniya vətəndaşı ciddi xəsarət almışdı.

Hazırda Ələkbər "AST" şirkətlər qrupunun hissədarlarından biridir.

Sərxan İsmayılov - "AST" şirkətlər qrupunun prezidenti Telman İsmayılovun oğlu

O, Süleyman Kərimovun şirkətinə daxil olan "Voentorq"un satışına qədər Univermağın direktorlar şurasının üzvü olub. 2010-cu ildə isə atasına məxsus olan Çerkizov bazarının bağlanmasından sonra isə Qroznı şəhərinin "Terek" futbol klubunun vitse-prezidenti vəzifəsinə təyin edilib.

Qeyd edək ki, Telman İsmayılov 0,6 milyardlıq sərvətin sahibidir.