I Avropa Oyunlarını ən yaxşı işıqlandıran KİV-lərə pul veriləcək

27 May 2015 17:25 (UTC+04:00)
AzNews.az xəbər verir ki, bu haqda məlumat KİVDF-dən APA-ya verilib.

Məlumata görə, müsabiqədə ən azı 1 il müddətində fəaliyyət göstərən kütləvi informasiya vasitələri (televiziya kanalları, qəzetlər, jurnallar, informasiya agentlikləri və internet informasiya resursları) iştirak edə bilərlər.

Mətbuat Şurasının tərtib etdiyi "qara siyahı"ya düşmüş KİV-in müsabiqədə iştirakına icazə verilmir. Müsabiqənin maliyyələşdirilməsi qaydaları Fondun Müşahidə Şurası tərəfindən müəyyənləşdiriləcək. Mövzunun KİV-lər tərəfindən əhatə olunması səviyyəsini müəyyənləşdirmək üçün Fondun Müşahidə Şurası tərəfindən xüsusi Monitorinq Qrupu yaradılıb.

Müsabiqənin qiymətləndirmə meyarları aşağıdakılardır:
- mövzunun əhatə olunması, idman yarışlarının işıqlandırılması, jurnalist təhlili;
- fəaliyyətin cəmiyyət üçün informasiyalılıq səviyyəsi;
- jurnalist obyektivliyi, qərəzsizliyi, tərəfsizliyi və məsuliyyəti;
- ictimai maraqların müdafiəsi.

I -ci yerin qalibi 30 min, II -ci yerin qalibi (2 KIV) 15 min, III -cü yerin qalibi (2 KIV) isə 10 min manat məbləğində mükafat qazanacaq.

Müsabiqə bu gündən başlayaraq iyulun 1-dək davam edəcək.