Uşaqlar günündə təşkil olunan əyləncələrin – Siyahısı

29 May 2015 15:34 (UTC+04:00)

Bütün dünyada olduğu kimi, bu bayram Azərbaycanda da qeyd edilir və uşaqlar o günü səbirsizliklə gözləyir. Çünki həmin gün onlar paytaxtın küçə və meydançalarında rəsm çəkərək öz məharətlərini göstərirlər.

Bəzi valideynlər isə həmin gün uşaqlarını teatrlara və Dənizkənarı Milli Parka aparır.

Əslində bu bayram günündə əsas yük Bakıda fəaliyyət göstərən teatrların çiyninə düşür.

AzNews.az bununla bağlı teatrların repertuarları ilə maraqlanıb.

Azərbaycan Dövlət Opera və Balet Teatrı 1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Gününə məxsusi hazırlaşıb. Teatrdan verilən məlumata görə, bayram münasibəti ilə teatr bəstəkar Oqtay Zülfüqarovun "Sehirli alma" operasını balaca tamaşaçıların ixtiyarına verəcək. Tamaşanın mayın 31-də saat 14-də nümayiş olunacağı gözlənilir.

Akademik Milli Dram Teatrı 1 iyunda uşaqlara "Danışan gəlincik" adlı tamaşasını təqdim edəcək. Teatrdan bildiriblər ki, uşaqların bayramı 1-ci günə təsadüf etdiyindən tamaşa mayın 31-ə salınıb. "Danışan gəlincik" saat 11-də nümayiş ediləcək.

Abdulla Şaiq adına Kukla Teatrı həmişəki ənənəsinə sadiq qalaraq bu il də uşaqların bayramını iki tamaşa ilə təbrik edəcək. İyun ayının 1-də Kamalə Ağayevanın "Göyçək Fatma" tamaşası gün ərzində 3 seans nümayiş olunacaq. Kollektiv bayram günündə rus dilli tamaşaçıları da yaddan çıxarmayıb. Axşam saat 18-də "Qocaq Əhməd" uşaqların ixtiyarında olacaq.

Bakı Uşaq Teatrı isə Uşaqların Beynəlxalq Müdafiəsi Günündə yolunu Bakının uşaq evlərindən salacaq. Teatrın direktoru İntiqam Soltan deyir ki, həmin gün iki uşaq evində konsert proqramı təqdim olunacaq. Onlardan biri Şağan qəsəbəsində xüsusi qayğıya ehtiyacı olanlar üçün, ikincisi isə Saraydakı 7 saylı internet evində baş tutacaq. Teatr bu layihəsini Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin dəstəyi ilə reallaşdıracaq. Uşaq Teatrı həmin uşaq evlərində hər hansı bir tamaşa ilə deyil, müxtəlif personajların çıxışları ilə uşaqların bayramını təbrik edəcək.

Bayramın ən böyük tədbiri isə Heydər Əliyev Sarayında baş tutacaq. Saraydan verilən məlumata görə, "Uşaqlar bizim sevincimiz, xöşbəxtliyimiz və cəmiyyətimizin gələcəyidir" adlı böyük konsert proqramı keçiriləcək. Konsert iyunun 1-də saat 13-də baş tutacaq.

Bahar RÜSTƏMLİ
AzNews.az