“Bakı-2015”in məşəli Ağsuda - FOTOLAR

29 May 2015 16:57 (UTC+04:00)

AzNews.az AZƏRTAC-a istinadən xəbər verir ki, birinci Avropa Oyunlarının məşəli şəhərin gül-çiçəklərlə bəzədilən, Azərbaycanın üçrəngli bayraqlarının dalğalandığı Heydər Əliyev prospektinin girişində, Oyunların rəmzi qapısında qarşılandı. Məşəl rayon sakini, fəal gənc Elnur Fərzəlizadə tərəfindən qəbul edilib.

Sonra 10 nəfər məşəli növbə ilə bir-birinə ötürərək yolboyu düzülən ağsuluların alqışları ilə Heydər Əliyev prospekti, Üzeyir Hacıbəyli küçəsindən keçməklə şəhərin mərkəzindəki Heydər Əliyev parkına gəliblər.

Ağsu Rayon Uşaq Gənclər İdman Məktəbinin direktoru Cəmil Atakişiyev səhnəyə qalxaraq məşəli alovlandırıb. Kik-boksinq üzrə dördqat dünya və Avropa çempionu Elşad Ələsgərov birinci Avropa Oyunlarının çırağını yarışlar başa çatanadək saxlanılmaq üçün Heydər Əliyev Mərkəzinə təhvil verib.

Sonra birinci Avropa Oyunlarının məşəlinin Atəşgah məbədində alovlandırılması mərasiminin əks olunduğu videoçarx nümayiş etdirilib.

Məşəlin qarşılanması münasibətilə təşkil olunan konsert, müğənni və rəqqasların bir-birini əvəz edən çıxışları iştirakçılara bayram sevinci yaşadıb.

Qarşılanma mərasimindən aldığı xoş təəssüratları AZƏRTAC-ın müxbiri ilə bölüşən ziyalı Şəfəq Balıyeva deyib: "İndi Ağsuda əsl məşəl təntənəsi yaşanır. Gündən-günə gözəlləşən rayonumuz ilk Avropa Oyunlarının məşəlini qarşıladı. Bu hadisə Ağsunun tarixində yadda qalan ən unudulmaz günlərdən biri olacaq. Doğma Vətənimiz ta qədim dövrlərdən bəri sülhə, dostluğa xidmət edən bir diyar olub. Azərbaycanın ilk Avropa Oyunlarına ev sahibliyi etməsi məhz ölkəmizin barışa, dostluğa necə önəm verməsinin sübutudur. Bu Oyunlar öz miqyasına, möhtəşəmliyinə görə dünya idman tarixində yeni bir səhifə açacaq".

Məşqçi-müəllim Mübariz Məmmədov isə sevincini belə ifadə edib: "Uzun illədir ki, məşqçi-müəllim işləyirəm. Neçə-neçə yetirməm respublika və beynəlxalq yarışlarda ad qazanıb. Onların hər uğuru mənə sonsuz fərəh, iftixar gətirib. Amma etiraf edim ki, bugünkü kimi sevinc hissləri yaşamamışam. Ölkəmizin iqtisadi qüdrəti, respublikamızın bölgələrində tikilən nəhəng Olimpiya mərkəzləri, idman kompleksləri, beynəlxalq turnirlərdə qazandığımız yüksək titullar Azərbaycanımızı dünya idman arenasında tanıdıb. Bütün bunlar birinci Avropa Oyunları kimi nəhəng bir beynəlxalq tədbirə məhz Azərbaycanın ev sahibliyi etməsinə səbəb olub. Heç şübhə yoxdur ki, ölkəmiz Prezident İlham Əliyevin rəhbərliyi ilə hələ çox-çox bu cür unudulmaz tarixi günlər yaşayacaq".