“Kəmaləddin Heydərov Alim Qasımovun ifasından razı qalıb”
30 May 2015 13:07 (UTC+04:00)
Sözləri Baba Vəziroğluna aid olan "Xatirədir" adlı mahnını xalq artisti Alim Qasımov ifa edib.
Şair Baba Vəziroğlu bu olayla bağlı fikirlərini AzNews.az-la bölüşüb.
O bildirib ki, fövqəladə hallar naziri Kəmaləddin Heydərov Alim Qasımovun ifasından razı qalıb.
"Xatirədir" mahnısı uzun bir yol keçərək nəhayət, mənzil başına catdı, dinləyicilərin ürəyinə yol tapdı. Alim Qasımov eşidəndə ki, bu mahnını Kamal müəllim məhz onun üçün yazıb, çox sevindi. Dedi ki, "İlahi" mahnısından sonra zəif mahnı yaratmağı bizə bağışlamazlar. Gərək bu mahnı ondan da gözəl alınsın. Və sag olsun, Alim müəllim sözünə əməl edərək mahnını yaxşı ifa etdi", - deyə nəğməkar şair bildirib.
Xalq artisti Alim Qasımov da mahnı ilə bağlı fikirlərini açıqlayıb: "Bəli, mahnını mənə təqdim etdilər. Bir az mütaliə etdim, gördüm ki, bu mahnıda nəsə var. Ürəklə çalışdım. Yadınızdadırsa, mən bundan öncə Kamal müəllimin "İlahi" adlı daha bir mahnısını oxumuşdum. İnanıram ki, bu da tamaşaçıların rəğbətini qazanacaq. Davamlı, xeyirli, düşərli olsun".