“Parabank”dan 40 milyonluq qalmaqala - Reaksiya
23 İyun 2015 18:02 (UTC+04:00)
Yazıda bildirilirdi ki, "Parabank"ın "Nəsimi" filialında qeydiyyata salınmayan və dövlətdən gizlədilən 40 milyona yaxın vəsaitin dövriyyəyə buraxıldığı aşkarlanıb. Filialda saxlanılan külli miqdarda vəsait "Kia Motors Az" MMC-yə məxsus olub. Lakin devalvasiyadan sonra banklarda aparılan sistemli yoxlamalar zamanı "Parabank"ın illərdir apardığı qanunsuz əməlləri ifşa olunub və bununla bağlı Bakı Şəhər Prokurorluğunda 120046164 №-li cinayət işi açılıb.
Sözügedən məsələ ilə bağlı "Parabank" rəsmi açıqlama verib. Bankın İdarə Heyətinin sədr müavini Rəcəb Hüseynovun AzNews.az-a göndərdiyi mətni olduğu kimi təqdim edirik: "AzNews.az" informasiya portalında 2015-ci il iyunun 22-də dərc olunan "Bakıda inanılmaz bank fırıldağı – "Parabank"la "KİA"nın gizlətdiyi 40 milyon, intihar, həbs…" başlığı altında məlumatda göstərilir ki: a) "KİA Motors AZ" MMC-yə məxsus olmuş 40 milyon manata yaxın vəsait "Parabank" ASC-nin "Nəsimi" filialında uçota alınmadan vergidən gizlədilmiş və bankla bu MMC həmin pulların qanunsuz dövriyyəsilə məşğul olub, bu yolla çirkli pulları leqallaşdırılıb. "KİA Motors AZ" MMC-nin "Parabank" ASC-nin "Nəsimi" filialında bank hesabı var. "KİA Motors AZ" MMC ilə "Parabank" ASC-nin arasında bağlanmış inkassasiya və pul vəsaitin saxlanc müqaviləsinə əsasən KİA Motors özünə məxsus pul vəsaitini obyektlərdən toplayıb bankın filialında yerləşdirib və əldə edilmiş pul vəsaitinə, bank hesablarından göründüyü kimi, özü sərəncam verib.
"Parabank" ASC-də yüzlərlə belə hüquqi şəxslərin bank hesabları var və onlar apardığı əməliyyatlara görə vergi orqanı qarşısında hesabat verirlər. Hesablarda aparılan əməliyyatlara bank müdaxilə etməyə haqlı deyil və qanunla onları məxfi saxlamağa borcludur.
b) Sonra yazıda göstərilir ki, bank guya "KİA Motors AZ" MMC-yə məxsus pul vəsaitini bunkerdə qanunsuz saxlayıb və bu fakt sistemli yoxlamada aşkar edilib. Əvvəla, yuxarıda qeyd edildiyi kimi, "Banklar haqqında" Qanuna və Mülki Məcəllənin müvafiq normalarına uyğun olaraq tərəflərin arasında bağlanmış saxlanc müqaviləsinə əsasən bu və ya digər müştəriyə aid pul vəsaiti bunkerdə saxlanılır. İkincisi, bu faktın yoxlanılmasına zərurət olmayıb və istənilən məlumatları bank qanunla müəyyən edilmiş qaydada istintaq orqanına təqdim edib. Fikrimizcə, yoxlanılmadan çirkli pulların yuyulması və vergidən yayınma cinayətlərində ittiham etməklə "Parabank" ASC-nin nüfuzuna xələl gətirən rüsvayedici, böhtançı məlumatların yazılıb kütləvi yayılması bir tərəfdən etik baxımdan anlaşılmaz olduğu kimi, digər tərəfdən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147-ci maddəsində nəzərdə tutulmuş cinayət məsuliyyətinə səbəb olur. Odur ki, bank mövcud rüsvayedici və böhtan məlumatları yazıb yayan şəxsin barəsində cinayət işi başlanması məqsədilə xüsusi ittiham qaydasında məhkəməyə müraciət etməkdə haqlıdır. Lakin şərh edilənləri həmin saytda dərc etməklə yazının müəllifi bankdan üzr istəyərsə, habelə belə yazılara son qoyarsa, ədalətli barışıq əldə olmuş hesab edilər".