“Prezidentin çıxışı anti-Azərbaycan qüvvələrə qarşı kəskin mesaj oldu”
19 İyul 2015 00:20 (UTC+04:00)
Polkovnik qeyd edib ki, ölkə başçısının proqram əhəmiyyətli bu çıxışı onsuz da Azərbaycanın ərazi bütövlüyünü təmin etmək üçün Ali Baş Komandanın hər bir əmrinə hər an hazır olan Azərbaycan əsgərinin döyüş ruhunu, torpaqları işğaldan azad etmək əzmini daha da artırıb.
AzNews.az Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, düşmənlərimiz isə bəyanat xarakterli bu nitqdə irəli sürülən fikirlərdən vahiməyə düşərək başlarını itiriblər. Son günlərdə Ermənistan silahlı bölmələrinin intensiv surətdə atəşkəsi pozmasına baxmayaraq, onların cavab atəşləri ilə dərhal susdurulması, kəşfiyyat-təxribat qruplarının öncədən aşkarlanaraq qarşısının alınması, pilotsuz uçuş aparatlarının məhv edilməsi düşmənlərin həyəcanını daha da artırıb.
Qarabağ döyüşlərinin iştirakçısı olmuş zabit Musa Rüstəmovun oğlu kapitan Orxan Rüstəmov çıxış edərək deyib ki, mən zabit oğluyam və atamın seçdiyi bu çətin və şərəfli peşəni - Vətənə xidmət peşəsini seçməkdə heç də yanılmamışam. Xalq şairimiz Səməd Vurğunun yazdığı kimi "Çiçək vaxtı deyil indi, barıt vardır havalarda". Məhz bu gün Vətənin hər bir vətəndaşından barıt qoxusu gəlməlidir. Biz işğal altında olan, yolumuzu gözləyən əzəli və əbədi torpaqlarımızın həsrətinə son qoymalıyıq və qoyacağıq da. Möhtərəm Prezidentimizin bu nitqi bir daha hər birimizi cənnət Qarabağa, neçə illərdir ki, işğal altında inildəyən torpaqlara səsləyir. möhtərəm Prezidentimizin və hörmətli Müdafiə nazirimizin dəfələrlə qeyd etdikləri kimi "o torpaqlar düşmən ayağı altında od tutub yanmalıdır".
Azərbaycanın Milli Qəhrəmanı, şəhid Akif Əkbərovun oğlu əsgər Zaur Əkbərov da zabit Rüstəmovun fikirlərinə şərik olaraq, sonucu qələbə ilə, zəfərlə nəticələnəcək Qarabağ uğrunda müqəddəs savaşlara hazır olduqlarını bəyan edib.
Tədbirdə iştirak edən Müdafiə Nazirliyinin zabiti, polkovnik Abdulla Qurbani cəbhə bölgəsindəki əsgər və zabitlərin döyüş əhval-ruhiyyəsi ilə, işğal edilmiş torpaqları tezliklə azad etmək əzmi ilə yaşayan və Ali Baş Komandanın hər bir əmrinə hər an hazır olan Azərbaycan əsgərinin döyüş və mənəvi-psixoloji hazırlığının yüksəkliyindən və vətənpərvərlik ruhundan məmnunluqla söhbət açıb və döyüşçülərə gələcək xidmətlərində uğurlar arzulayıb.