“Bu dəfə yarışda biz qalib gəlməli idik”
21 Oktyabr 2012 18:32 (UTC+04:00)
- İlk turda "SOCAR-Azərbaycan" gözlənilmədən uduzdu. Amma sonradan dönüş yaratmaq mümkün oldu…
- Birinci matçda komandada alınmadı. "Aşdod" bizə qaşı yaxşı oynadı və layiqli qələbə qazandı. Yəqin komanda düşünürdü ki, rahat qalib gələcək. Çünki İsrail klubu reytinqdə 8-ci idi. Bizim şahmatçılar bu göstəricilərdə rəqibi çox qabaqlayırdı. Amma görüşdə belə olmadı və ilk turdan sonra komanda çətin vəziyyətə düşdü.
- Amma qeyd etdiyiniz kimi, Bakı klubu reytinqdə üst sıralarda dayanırdı. Demək, komanda ilk 3 yerdən birini tutmağa məhkum idi…
- Bəli. Sonra bir məqsəd qalırdı: 6 matçı ardıcıl qazanmaq. Özü də, imkan daxilində böyük hesabla. Biz anlayırdıq ki, başqa bir komanda da 6 oyun udub, çempion ola bilər. Ona görə əmsalları düşünmək lazım gəlirdi. Sevindiricidir ki, buna nail ola bildik. Böyük hesabla qazandığımız qələbələr, əmsallarda bizə, Sankt-Peterburq Şahmat Federasiyasını qabaqlamağa imkan verdi.
- Ümumiyyətlə, komandada çempionluğa öncədən inam vardımı?
- Kollektivdə yüksək ab-hava, mehribanlıq hökm sürürdü. Bu, zaman-zaman öz sözünü dedi. Komanda, öz statusuna uyğun oynamağa başladı.
Yarışın reytinqində 1-ci pillədə gedirdik. Demək, hədəf yalnız çempion olmaq idi. Bunu hamı başa düşünürdü. Ötən mövsüm "SOCAR-Azərbaycan" 2-ci olmuşdu. Bu dəfə yarışda biz qalib gəlməli idik.
- Qədir, ötən ay İstanbulda təşkil edilmiş şahmat olimpiadası ilə müqayisədə, Avropa kubokunda yaxşı çıxış etdiniz. Burada hansı amil rol oynayıb?
- Səbəb sadədir: olimpiada oynayıb-oynamayacağımı bilmirdim. Çünki, heyətə daxil edilməmişdim. Təəssüf ki, Vüqar (Vüqar Həşimovu nəzərdə tutur – K.H.) İstanbula gedə bilmədi. Yarışın başlamasına 10 gün milli komandaya çağırıldım. Təbii, qısa zaman ərzində yaxşı hazırlaşa bilməzdim. Çünki, 3 ay turnirlərdə iştirak etməmişdim. Təcrübəm itmişdi. Əvvəlcədən olimpiadada mübarizə aparacağımı bilsəydim, heç olmasa, bir yarışda qüvvəmi sınayar, formamı bərpa edərdim.
İstanbul səfərindən sonra, Novxanıda keçirilmiş beynəlxalq "Bakı open" turnirində uğurlu nəticə göstərdim; 3-cü yerə çıxdım. Üstəlik, hesabıma 9 reytinq xalı əlavə etdim.
- "SOCAR-Azərbaycan"la müqaviləniz nə vaxt bitir?
- Müqavilə, bu yarış üçün nəzərdə tutulmuşdu. Amma sonrakı illərdə də bu klubda çıxış edəcəyimə ümidliyəm.
- Belə bir təklif gözlənilir?
- Yeni ildən sonra baxarıq. Çox güman, nəsə olacaq.
- Bəs olmasa?
- Yaşayarıq görərik (gülümsəyir)
- Dünya reytinqində irəliləmək üçün planlarınız nədən ibarətdir? Məncə, artıq sizin də sıralamada ciddi irəliləyişlər etmək zamanınız yetişib...
- Planlar - yaxşı hazırlaşmaq, yarışlarda uğurlu çıxış etməkdir. Reytinqi tezliklə 2660 xala çatdırmağı düşünürəm.
Kamran Hacı
AzNews.az