Azərbaycanda sosial vəziyyətin pisləşməsinin - Səbəbləri

20 Sentyabr 2015 11:41 (UTC+04:00)

AzNews.az-ın Anspress-ə istinadən məlumatına görə, bu, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində (ƏƏSMN) ölkəmizdə xarici vətəndaşlar üçün əmək miqrasiyasının innovativ rəqabətə davamlı milli iqtisadiyyatın formalaşdırılması tələblərinə uyğun olaraq təkmilləşdirilməsi məqsədilə Dövlət Miqrasiya Xidməti (DMX) ilə birgə hazırlanmış təkliflərdə öz əksini tapıb.

ƏƏSM naziri Səlim Müslümov müşavirədə çıxış edərək bildirib ki, hazırda siyasi və iqtisadi böhran prosesləri səbəbindən əksər ölkələrdə çoxsaylı iş yerləri ixtisar olunub. Azərbaycanda isə prezident İlham Əliyevin uğurlu sosial-iqtisadi inkişaf strategiyası nəticəsində iqtisadi artım və ölkə iqtisadiyyatına investisiyaların yatırılması prosesi davam edir.


Səlim Müslümov - Əmək və Əhalinin Sosial Müdafiəsi naziri

Bu isə Azərbaycanın əmək bazarının xaricilər üçün getdikcə daha cəlbedici olması, ölkəmizə gələn xarici işçi qüvvəsinin çoxalması ilə müşahidə olunur. Təkcə bu ilin birinci yarımilində DMX-dən göndərilən müraciətlərin sayı 9357 ədəd olmaqla, ötən ilin müvafiq dövrünə nisbətən 11,8 faiz çox olub. Yəni, keçən il bu rəqəm 8376 olub. Təəssüf doğuran, məsələlərdən də biri budur ki, ölkəyə gələnlərin cəmi 7 faizi yüksək ixtisaslı mütəxəssislərdir.


Bu ilin ilk yarım ili ilə ötən ilin müvafiq dövrünündə ölkəyə iş üçün müraciət edən əcnəbilərin müqayisəsi


Odur ki, əmək bazarını ixtisassız əcnəbi işçi qüvvəsindən qorunması, yüksək ixtisaslı mütəxəssislərin iqtisadiyyatımıza cəlb edilməsinin stimullaşdırılması məsələsini aktuallaşdırır.

Bu barədə prezident hələ 2014-cü il dekabrın 24-də tapşırıq verib: "ƏƏSMN və DMX-ə milli əmək bazarında ixtisassız əcnəbi kadrların iştirakının qarşısının alınması və yerli əmək ehtiyatlarından səmərəli istifadə olunması məqsədilə əmək miqrasiyası kvotasının sərtləşdirilməsi, habelə ölkədə innovativ rəqabətə davamlı iqtisadiyyatın formalaşdırılması tələblərinə uyğun olaraq yüksək ixtisaslı əcnəbi mütəxəssislərin cəlb olunması mexanizminin yaradılması üçün təkliflərin hazırlanması tapşırılıb."

DMX-nin rəisi Firudin Nəbiyev ixtisassız əcnəbi miqrantların ölkəmizə axınının qarşısının alınması üçün əmək bazarında ilk növbədə yerli işçi qüvvəsindən istifadəyə üstünlük verilməsini vurğulayıb.


Firudin Nəbiyev - Dövlət Miqrasiya Xidmətinin rəisi

Hər iki qurum tərəfindən müvafiq təkliflər artıq hazırdır və müzakirələr şəraitində onlar daha da təkmilləşdirilərək dövlət başçısına təqdim olunacaq.

Ekspertlər deyirlər ki, iş üçün ölkəmizə kütləvi şəkildə axın edən əcnəbilər ölkə üçün işsizlik, kriminogen durum, cinayətkarlıq və s. kimi problemlər də yarada bilərlər. Onların fikrincə, köç axını ölkədə mənzil bazarına da təsir göstərir, evlərin qiyməti bahalaşır.

Bir sözlə, xaricdən iş adı ilə ölkəmizə gələnlər, Azərbaycanda minlərlə ailənin sosial vəziyyətini pisləşməsinə də təsir göstərə bilər. Odur ki, onların gəlişinin qarşısının sərtləşdirilməsi düzgün addımlardandır.