İlham Əliyev Ucarda açılışlar etdi (Yenilənib-4)

6 Oktyabr 2015 18:09 (UTC+04:00)

AzNews.az xəbər verir ki, dövlət başçısına məlumat verilib ki, 3 mərtəbəli binanın tikintisinə bu ilin əvvəlində başlanıb və inşaat işləri oktyabr ayında başa çatdırılıb. Ərazisi 2 min kvadrat metr olan Ucar Gənclər Mərkəzi respublikada ən böyük gənclər mərkəzlərindən biridir.

Prezident İlham Əliyev mərkəzin rəmzi açılışını bildirən lenti kəsib.

İ.Əliyev mərkəzdə yaradılan şəraitlə tanış olub.

Burada qurulan 7D formatlı kino zalda filmlərin nümayişi üçün hər cür şərait yaradılıb. Elektron kitabxana və konfrans zalı da bütün lazımi avadanlıqlarla təchiz olunub. Burada, həmçinin atıcılıq salonu da təşkil edilib. Ən son avadanlığın quraşdırıldığı salonda gənclərin bu sahədə ibtidai hazırlıq keçmələri və onların interaktiv, pnevmatik silahlardan atəşaçma bacarıqlarının yüksəldilməsi üçün məqsədyönlü işlər aparılacaq.

Bildirilib ki, mərkəzin yaradılmasında əsas məqsəd yeniyetmələr arasında elmi-texniki biliklərin təbliği, onların elmi-yaradıcı təşəbbüslərinin artırılması, bu sahədə istedadlı gənclərin üzə çıxarılmasıdır . Mərkəzdə kompyuter bilikləri və xarici dil üzrə xüsusi kursların təşkili də planlaşdırılır. Akt zalı müasir üslubda qurulub. Burada gənclər üçün müxtəlif mövzularda tədbirləri keçirmək mümkün olacaq. Mərkəzdə gənclər kafesi də fəaliyyət göstərəcək. Bundan əlavə, mərkəzdə Prezident İlham Əliyevin gənclər siyasətini əks etdirən fotoguşələr yaradılıb. Yaradıcılıq mərkəzində gənclər həm sənət öyrənəcək, həm də onların əl işləri sərgilənəcək. Respublikada ilk dəfə olaraq bu mərkəzdə Aşıq məclisi və poeziya dərnəyi yaradılıb.

Qeyd edilib ki, mərkəzdə gənclərin istirahətini təmin etmək üçün stolüstü oyunlar, eləcə də kafe, bar, internet klub, internet kafe də fəaliyyət göstərir. Mərkəzdə gənclərin müasir texnoloji yeniliklərlə yaxından tanış olmalarına, onların bilik və bacarıqlarının inkişaf etdirilməsinə yönələn kurslar təşkil ediləcək.

***
17:52

Prezident İlham Əliyev Ucar rayonuna səfəri çərçivəsində "Fermer" yol-istirahət mərkəzində yaradılan şəraitlə də tanış olub.

AzNews.az xəbər verir ki, dövlət başçısına məlumat verilib ki, kompleks 3 hektar ərazidə salınıb. İki hissədən ibarət olan kompleksin birinci hissəsinə Bakı-Gəncə magistral yolunun kənarında yerləşən yarmarka tipli satış məntəqəsi daxildir. Ümumi sahəsi 1200 kvadratmetr olan yarmarka Ucar və ətraf rayonlardan olan vətəndaşların yetişdirdikləri kənd təsərrüfatı məhsullarını rahat, heç bir müdaxilə olmadan istehlakçılara əlverişli şərtlərlə çatdırmalarına geniş imkan yaradır. Bundan əlavə, yarmarkada 24 saat fəaliyyət göstərən aptek və market də var. Ümumilikdə layihə çərçivəsində 80-ə yaxın sakin işlə təmin olunacaq.

Kompleksin ərazisində süni göl yaradılıb, istirahət binaları tikilib. Koteclərdən 2-si mətbəx olmaqla, 3-ü bir otaqlı, 1-i iki otaqlı, 1-i isə dörd otaqlıdır. Burada xüsusi qonaq evi də tikilib. Kompleksdəki 80 nəfərlik banket zalında həm müəssisənin işçilərinə, həm də Ucar sakinlərinə xidmət göstəriləcək. Ərazidə geniş yaşıllıq zolağı salınıb, istirahət üçün bütün şərait yaradılıb.

***
13:55
Prezident İlham Əliyev bu gün Ucar Rayon Mərkəzi Xəstəxanasının yeni binasının açılışında iştirak edib.

AzNews.az xəbər verir ki, dövlət başçısı xəstəxananın rəmzi açılışını bildirən lenti kəsib.

Bildirilib ki, yeni xəstəxana üçün 4,4 hektar torpaq sahəsi ayrılıb. Bu ərazinin 1,2 hektarında 4 korpusdan ibarət ikimərtəbəli kompleks tikilib. Xəstəxana kompleksi Heydər Əliyev Fondunun təşəbbüsü ilə inşa olunub.

Prezident İlham Əliyev tibb ocağında yaradılan şəraitlə tanış olub. Burada mərhum prezident Heydər Əliyevin, Prezident İlham Əliyevin və Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın ölkədə səhiyyənin inkişafına göstərdikləri diqqət və qayğını əks etdirən fotostendlər quraşdırılıb.

Kompleksə cərrahiyyə, terapiya, pedriatriya, reanimasiya, ginekologiya, reanimatalogiya, diaqnostika, fizioterapiya, qəbul şöbələri, konsultativ poliklinika, perinetal mərkəz, labaratoriya, təcili tibbi yardım stansiyası və inzibati korpus daxildir. Xəstəxana 118 çarpayılıqdır. Şöbələrin hamısı ən müasir tibbi avadanlıqla təmin olunub.

Xəstəxanada yaradılan şəraitlə tanışlıqdan sonra Prezident İlham Əliyev xidmətin yüksək səviyyədə təşkili ilə bağlı tapşırıq və tövsiyyələrini verib.

***
13:06

Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 6-da "Ucar Aqro" MMC-nin quşçuluq sənaye kompleksi ilə tanış olub.

AzNews.az xəbər verir ki, sonra Prezident İlham Əliyevə Aran iqtisadi rayonu üzrə dövlətin güzəştli kreditləri hesabına maliyyələşdirilən investisiya layihələri barədə məlumat verilib.

İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev Prezident İlham Əliyevə məlumat verib ki, Aran iqtisadi rayonu üzrə 11 min 400-dək sahibkara 620 milyon manat civarında kredit verilib. Bunun 445 milyon manatını güzəştli kreditlər təşkil edir.

Daha sonra dövlət başçısı quş əti emalı müəssisəsində və quş yetişdirmə fabrikində yaradılan şəraitlə tanış oldu.

***
12:49

Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 6-da Ucar rayonuna səfərə gəlib.
AzNews.az xəbər verir ki, dövlət başçısı əvvəlcə Ucar şəhərinin mərkəzində mərhum prezident Heydər Əliyevin abidəsi önünə gül dəstəsi qoydu.

Ucar Rayon İcra Hakimiyyətinin başçısı Mənsur Məmmədov abidənin ətrafında görülmüş işlər barədə Prezident İlham Əliyevə məlumat verib.

Bildirilib ki, H.Əliyevin abidəsinin ucaldıldığı ərazidə son vaxtlar geniş abadlıq işləri görülüb, yaşıllıq zolaqları salınıb.