İranla Türkiyə arasında yeni qalmaqal

27 Oktyabr 2012 07:18 (UTC+04:00)


İranın rəsmi dairələrə məxsus olduğu bildirilən "Fars" xəbər agentliyi ilə Türkiyə Xarici İşlər Nazirliyi arasında qalmaqal yaranıb. Belə ki, "Fars" xəbər agentliyi xarici işlər naziri Əhməd Davudoğlunun Yəmənə ziyarəti zamanı bu ölkədən Suriya ilə bağlı bəzi tələblər irəli sürdüyünü iddia edən məlumatlar yayıb.

Agentliyin məlumatına görə, nazir səfər zamanı Suriyalı müxalifətçilərin Yəməndə təhsil alması, həmçinin, Azad Suriya Ordusu üçün Rusiyadan silah alınması məsələsinin də müzakirə etdiyini yazıb.

Türkiyənin Xarici İşlər Nazirliyi isə bu məlumatları yalanlayıb. Nazirliyin sözçüsü Səlcuk Ural Əhməd Davudoğlunun Yəmənə səfəri zamanı Azad Suriya Ordusuna yardımla bağlı müzakirələrin aparılmadığını bildirib.

XİN rəsmisinin sözlərinə görə, səfər çərçivəsində ancaq iki ölkə arasında əməkdaşlıq məsələləri müzakirə edilib: "Əvvəllər da öz yayınlarında yönləndiricilik əlamətləri görülən bir xəbər agentliyinin yaydığı bu məlumat da həqiqətə uyğun deyil. Xəbərçilik anlayışına uyğun gəlməyən bu anlayışı şiddətlə qınayırıq. İctimaiyyəti çaşdırmaq məqsədi daşıyan bu xəbərlərin dəyərləndirilməsi zamanı hamını diqqətli olmağa çağırırıq".

Alpər Oğuz
AzNews.az