Onun fikirləri məni məyus etdi - Cavab
2 Yanvar 2016 08:44 (UTC+04:00)
Azərbaycan idmanı son illər böyük uğurlar əldə edib. Prezident İlham Əliyevin idmana xüsusi qayğısı və dəstəyi sayəsində medallarımızın sayı ilbəil artır. Bu baxımdan 2015-ci il rəhbəri olduğum Kikboksinq Federasiyası üçün də uğurlu oldu. Azərbaycan kikboksçuları oktyabr ayında Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatında 1 qızıl, 3 gümüş, 3 bürünc medal qazandılar. Uğurlarımız yalnız medalların sayı ilə hesablanmır, idmanın kikboksinq növünün inkişafı, populyarlaşdırılması, o cümlədən uşaq idmanını inkişaf etdirir, bu məqsədlə yeni klubların sayını artırırıq.
Azərbaycandan kənarda yaşayan kikboksçularımız var ki, onların da fəaliyyətlərini izləyir və qələbələrinə sevinirik. Belə idmançılardan biri də Belarusda yaşayan azərbaycanlı kikboksçu Zabit Səmədovdur. Onunla çox görüşlərimiz olub. Həmin görüşlərdə Zabit Səmədovun gələcək planlarıyla maraqlanmışam.
Zabit Səmədovun dekabrın 26-da Çeçenistan paytaxtı Qroznıda əldə etdiyi qələbəsinə çox sevindim. Ancaq onun bu qələbədən sonra verdiyi müsahibəni oxuduqda bəzi fikirlərinə məyus oldum. Zabit Səmədov deyir ki, bu yarışda Azərbaycandan diqqət və qayğı hiss etməyib, sözlərini də belə əsaslandırır ki, Qroznıdakı yarışda onu izləmək üçün ölkəmizdən kimsə gəlməyib. Birincisi, Qroznıdakı turnur haqqında çox əvvəl xəbər tutan kimi baş məşqçimizə tapşırdım ki, yarış haqqında bilgi toplasın və iştirakımız mümkün olarsa, Çeçenistan paytaxtındakı yarışa yollanaq. Ancaq dəvətnamələr yarışa bir neçə gün qalmış gəldi. Həm də turnir çox qeyri-münasib tarixə təyin olundu. İlin sonunda həm federasiyamızın işinə yekun vurmalıydım, həm də Milli Məclisin son iclasında iştirak etməli idim.
İkincisi, Azərbaycandan kənarda onlarla idmançımız var və onlar yüzlərlə yarışmaya qatılırlar. Hər biri özünün istədiyi və seçdiyi fərdi turnurə yollanır. Aydındır ki, bu turnirləri seçərkən bizimlə razılaşdırmırlar. Biz onların bütün yarışlarını canlı izləsək, gərək onda işlərimizi kənara qoyub vaxtımızın əksər hissəsini səfərlərdə keçirək. Buna baxmayaraq, peşəkar idmançılarımızla maraqlanır və dəstək olmağa çalışırıq. Elə Zabit Səmədov Belarusda yaşamasına rəğmən, ona Azərbaycan vətəndaşlığının və bunu təsdiq edən pasportun verilməsi həmyerlimizə olan diqqətin nümunəsidir. Bizim federasiya Zabit Səmədova "hansı turnirdə iştirak etməyin məsləhətdir, hansında yox" kimi tövsiyyə verə bilməz. Çünki yenə də təkrar edirəm, o, Belarusda yaşayır, birinci növbədə bu ölkənin vətəndaşıdır və turnirləri, o cümlədən rəqibləri hazırki idman formasına görə özü seçir. Biz isə məhdud imkanlarımız daxilində federasiyamızı ayaqda tutmağa çalışır, fəaliyyətimizdə Gənclər və İdman Nazirliyinin təlimatlarını əsas götürür və bu çərçivədə çempionlarımızı mükafatlandırırıq. Kimsə bizim müəyyənləşdirmədiyimiz turnirdə qələbə çaldıqdan sonra "Bakıda mənə ev və qazandığım qələbəyə görə böyük məbləğdə mükafat verin" deyərsə, bu, peşəkar idmançıya yaraşmayanhərəkət olar. Zabit Səmədov müsahibəsində ona da işarə vurur ki, onun Bakıda evi yoxdur. Federasiyamız nəzdində uğur qazanan idmançımız çoxdur, mümkün qədər onları mənzillə təmin etməyə çalışırıq. Zabit Səmədov nəzərə almalıdır ki, dövlətimiz tərəfindən Federasiyamıza il ərzində yalnız bir ev ayrılır ki, onu da böyük nailiyyətlər göstərən, eyni zamanda ehtiyacı olan yerli idmançımıza veririk. Biz evi Azərbaycanda yaşayan və bizim göndərdiyimiz yarışlarda iştirak edən və uğur qazanan idmançıya yox, başqa ölkədə yaşayan və turnirləri müstəqil seçən idmançıya versək, bu nə qədər ədalətli olar?
Zabit Səmədov müsahibəsinin sonunda deyir ki, Azərbaycanda idman klubu açıb yeni idmançılar yetişdirmək istəyir. Zabit Səmədov bu haqda nə zaman bizə müraciət etsə, ona bu məsələdə dəstək verməyə hazırıq. Onsuz da il ərzində özümüz də bu işlə məşğuluq.Ümid edirəm ki, bir neçə gündən sonra onunla bu mövzuda şəxsən müzakirə apara biləcəm. Gənclər və idman naziri Azad Rəhimov mənim təklifimlə yanvarın 12-də Zabit Səmədovu Bakıda qəbul edəcək.