- Siyasi müzakirə
- 17:07
- 1 160
Mütəllim Rəhimli: “Məni üzvülükdən çıxara bilməzlər”

Ədalət Partiyasının Ali Məclisinin iclası keçirilib. Partiya sədrinin səlahiyyətlərini icra edən, ali məclisin sədri Meydan Babayev gündəlikdə olan məsələləri elan etdikdən sonra qurultayın vaxtının və nümayəndəlik normasının müəyyənləşdirilməsi, qurultayın keçirilməsi üçün təşkilat komitəsinin yaradılması, partiya daxilində yaranmış vəziyyət və gələcək hədəflərdən bəhs edib.
Ali məclisin iclasının qərarı Ədalət Partiyasının qurultayının mayın 31-də keçirilməsi müəyyənləşib.
İclasda son vaxtlarda partiya daxilində yaranmış vəziyyətdə müzakirə olunub. Həmçinin Mütəllim Rəhimovun iştirakı ilə onun son aylarda partiya daxilində subardinasiyaya əməl etməməsi, partiya daxilində regionçuluq təbliğatı aparması, nizamnaməyə zidd “ali məclis” in iclasını çağırması, ali məclis sədrinin səlahiyyətlərini mənimsəməsi, ali məclisin üzvü olmaya-olmaya iclası aparması, sədrin nizamnaməyə uyğun tətbiq etdiyi veto hüququna məhəl qoymaması halları gündəmə gətirilib. Eyni zamanda uzun müddət partiyanın təşkilatlanma prosesinin qarşısını məqsədyönlü şəkildə alaraq, nizamnamənin kobud şəkildə pozulduğu qeyd olunub.
Törədilən nizamnamə pozuntularının ağır xüsusiyyətləri nəzərə alınaraq, siyasi şurada Rəhimov Mütəllim Qara oğlunun Ədalət Partiyasının üzvlüyündən xaric edilməsi barədə qərar qəbul olunub.
Qərar Meydan Babayevin təklifi ilə Ədalət Partiyasının Ali Məclisində səsə qoyulub və dəstəklənib.
Yayılan xəbərlə bağlı Sherg.az-a danışan Mütəllim Rəhimli sözügedən yığıncağın partiya ilə heç bir əlaqəsinin olmadığını deyib. Partiya rəsmisinin sözlərinə görə, Ədalət Partiyasının Mərkəzi Nəzarət Təftiş Komissiyası (MNTK) bir qrup şəxsin toplantı keçirməsi ilə bağlı məsələni araşdıraraq qərar qəbul edib:
“Ədalət Partiyası aprelin 19-da Ali Məclisin iclasını keçirib və müvafiq qərarlar qəbul edib. Bir neçə şəxsin yenidən Ali Məclisin iclasını keçirmək səlahiyyəti yoxdur. Çünki Qurultaya hazırlıq üzrə Təşkilat Komitəsi yaradılıb və bütün səlahiyyətlər də Təşkilat Komitəsinə keçib. Mən Ədalət Partiyasının yaradıcılarından biri olmuşam. Onlar məni üzvülükdən çıxara bilməzlər. Həm də ki, partiya üzvü olmayanları, qohum və dostlarını xahiş-minnətlə ora toplayıb partiya adından qərar verə bilməzlər. Bu, özfəaliyyətdir. Onların evlərində verdikləri qərarın partiya həyatına nə dəxli var?! Soruşuram, orada rayon təşkilatlarının nümayəndələri iştirak etmədiyi halda necə qərar vermək olar və yaxud bu yığıncağın adı nə olacaq? Siyasi Şura olmadığı halda o necə qərar verir? Həm də Nizamnaməyə görə partiya üzvünü rayon təşkilatı üzvülükdən çıxara bilər. Rayon Təşkilatının isə belə bir qərarı yoxdur. Rayon təşkilatlarının təmsilçilərinin iştirakı ilə Ali Məclis keçirilib və onun qərarları da yerinə yetirilir”.
Qeyd edək ki, Ədalət Partiyasının Mərkəzi Nəzarət Təftiş Komissiyası (MNTK) bir qrup şəxsin toplantı keçirməsi ilə bağlı məsələni araşdıraraq qərar qəbul edib. Qərarı MNTK sədri Çingiz Abbasov açıqlayıb. Vurğulanıb ki, Ədalət Partiyasının Mərkəzi Nəzarət Təftiş Komissiyası 26 aprel 2025-ci il tarixdə bir qrup şəxsin toplantı keçirməsi təşəbbüsünü və “qərar” qəbul etməsini Nizamnaməyə zidd hesab edir. MNTK sədri aprelin 25-də bununla bağlı təşəbbüskarlardan biri Mehman Əliyevə xəbərdarlıq etmiş və belə tədbirlərin Ədalət Partiyası adından keçirilməsinin yolverilməz olduğunu bildirib. Bununla belə MNTK-nın xəbərdarlığına məhəl qoyulmayıb, Nizamnaməyə zidd hərəkətlər davam etdirilib. Yığıncağa Ədalət partiyasının üzvü olmayan şəxslər dəvət olunaraq, onlarla partiyadaxili məsələlər müzakirəyə çıxarılıb. MNTK bəyan edir ki, 19 aprel 2025-ci ildə Ədalət Partiyasının Ali Məclisinin iclası keçirilmiş, partiyanın növbəti IX Qurultayına hazırlıq üzrə Təşkilat Komitəsi yaradılmış və bununla da bütün səlahiyyətlər Təşkilat Komitəsinə keçib. Bundan sonra bu cür təşəbbüslər partiya daxilində pozuculuq fəaliyyəti yaratmağa və ictimaiyyəti aldatmağa xidmət edir. Ədalət Partiyasının MNTK-sı bildirir ki, partiya Nizamnaməsinin 4-cü maddəsində üzvlərin hüquq və vəzifələri göstərilib və hər kəs ona riayət etməyə borcludur”.